“Qanlı Yanvar” gecəsinin şahidi həkim danışır
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya yeridilən SSRİ qoşununun vəhşilikləri hələ çox illər danışılacaq. Bakı qətliamının müəllifi Sovet qoşunu əsgərləri tək azadlığı, müstəqilliyi uğrunda küçəyə çıxan mülki insanları deyil, həm də onların harayına gələn təcili yardım maşını, xidmət göstərən həkimləri gülləboran edirdilər. Həmin gecənin şəhidləri arasında həkimlərimiz də var. Biz susuruq, həmin qanlı gecənin video kadrları və şahidləri danışır.
Bəli, bütün şahidlər kimi Yusif Həkimin də sözlərinə görə, 1990-cı il müstəqilliyi və ərazi bütövlüyü uğrunda ayağa qalxan sovet azərbaycanlısının ağlına da gəlməzdi ki, onilliklər boyu xalqların qardaşlığını təbliğ edən Sovet İttifaqının əsgəri gözünü qırpmadan onu öldürə bilər. Baxmayaraq ki, həmin vaxt azadlıq hərəkatı liderlərinin bir neçəsi xalqa sovet qoşununun edə biləcəkləri barədə xəbərdarlığını bildirmişdi.