Masallı rayonunda İcbari Tibbi Sığorta haqqında maarifləndirmə tədbiri keçirilib
09 / 09 / 2019 13:35:25
Oxunma : 799

06 sentyabr tarixində Masallı rayonunda “Sağlamlığa Xidmət” İctimai birliyinin təşəbbüsü və Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İlkin Səhiyyə Xidməti sahəsində çalışan tibb işçilərinin və ümumi əhalinin İcbari Tibbi Sığorta mexanizmi barədə məlumatlılığının artırılması” layihəsi çərçivəsində maarifləndirmə tədbiri keçirildi. 

Tədbirin məqsədi iştirakçıları 1 yanvar 2020-ci ildən bütün ölkədə tətbiq olunacaq İcbari Tibbi sığorta sistemi (İTS) barədə məlumatlandırmaq idi. 
Tədbirdə çıxış edən Masallı rayon Mərkəzi xəstəxananın əməkdaşı İlqar doktor İTS-in tətbiqinin Azərbaycanda səhiyyə sistemlərinin təkmilləşdirilməsinə, ailə həkimliyi, o cümlədən vərəm kimi bir çox xəstəliklərin erkən fazada aşkar olunmasında mühüm rol oynayan ilkin səhiyyə xidmətlərinin yaxşılaşdırılmasına təkan verəcəyini bildirdi. 

Layihə rəhbəri Pərvanə Vəliyeva İTS haqqında əhatəli təqdimatla çıxış etdi. Daha sonra tədbir iştirakçılarının sualları həkim-ekspert Samirə Muxtarova və Pərvanə Vəliyeva tərəfindən cavablandırıldı. Tədbir iştirakçılarının İTS mexanizmi barədə irad və təklifləri qeyd edildi və layihənin sonunda hesabat şəklində aidiyyəti dövlət qurumuna təqdim olunacağı bildirildi. 

Tədbirdə iştirak edən “İnkişafa Doğru Qadın təşəbbüsləri” İctimai birliyinin sədri Ziba Nəbiyeva İTS sisteminin ölkə əhalisinin sosial rifahını və sağlamlığını yaxşılaşdıracağını qeyd edərək, hər kəsi bu sistemin iştirakçısı olmağa dəvət etdi. Tədbirdə çıxış edən Masallı Rayon Vərəməleyhinə Xəstəxananın baş həkimi Mirrəhim Nəbiyev Xəstəxanada aparılan İcbari Tibbi Sığortaya hazırlıq işlərindən danışdı və əhalinin müntəzəm maarifləndirilməsini apardıqlarını bildirdi. 

Tədbir təşəbbüskarları ilə şəxsən görüşən Mərkəzi Rayon Xəstəxanası Publik hüquqi şəxsin direktoru xəstəxanada İTS sisteminə keçidlə əlaqədar görülən işlər haqqında məlumat verərək artıq xəstəxananın lazımi informasiya texnologiya infrastrukturunun qurulduğunu və qeydiyyatçıların təlimləndirildiyini bildirdi. Xəstəxananın hər cür maddi-texniki bazaya malik olması, ən müasir avadanlıqlarla təchiz olunması və yenidən qurulma-təmir işlərinin aparılması Cənab Prezident İlham Əliyevin region əhalisinin sağlamlığına verdiyi önəmin bariz nümunəsidir.

Xəbərlər

Ən çox oxunanlar

@ 2017 QHT TV
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Tel: (994 55) 325 18 38 | E-mail:[email protected]
Baş direktor: Cəsarət Hüseynzadə