Bakıda turizmin inkişafı ilə bağlı konfrans keçirilib
29 / 06 / 2019 18:41:21
Oxunma : 773

Demokratik İslahatçı Gənclər İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidentı yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Ölkəmizin turizm potensialının təbliği mövzusunda beynəlxalq konfransın keçirilməsi” layihəsi çərçivəsində "Modern turizmin problemləri və perspektivləri" mövzusunda beynəlxalq konfrans keçirilib.
  
QHT TV  xəbər verir ki, konfrası giriş sözü ilə açan təşkilatın idarə heyətinin rəhbəri Vüsalə Hüseynli bildirib ki, layihənin məqsədi Azərbaycanın yalnız neft, idman yox, eyni zamanda turizm ölkəsi kimi də beynəlxalq ictimaiyyətə təqdim etməkdir: 
         
"Bu gün ölkəmizin inkişaf etmiş sahələrindən biri də turizmdir. Bilirsiniz ki, ölkəmizin turizm potensialı zəngin olduğundan Azərbaycanda turizmin bir neçə növü yüksək səviyyədə inkişaf edir və digər sahələr isə inkişaf etməkdədir. Buna nümunə olaraq, turizmin "sağlamlıq-müalicə turizmi", "qış turizmi", "qastronomik", "raftinq" və.s növlərini misal göstərmək olar. Bu layihə vasitəsi ilə keçiriləcək beynəlxalq konfransda ölkəmizin turizm sahəsinin inkişafı qonaqlara təqdim olunacaqdır. Düşünürük ki, bu konfrans Azərbaycana turistlərin cəlb edilməsinə müəyyən mənada dəstək olacaqdır. Eyni zamanda ölkənin turizm şirkətləri ilə təcrübə mübadiləsi baxımından da əhəmiyyətli olacaq”. 
Konfransda çıxış edən Azərbaycan Dövlət Turizm Agentliyinin Turizm bürosunun icraçı direktorunun müavini Bəhruz Əsgərov ölkədə turizm sahəsində aparılan islahatlardan danışıb. O bildirib ki, son dövrlər Azərbaycanda aparılan islahatlar çərçivəsində turizmin inkişafında da ciddi irəliləyişlər müşahidə olunmaqdadır. Son zamanlar yeni otellərin istifadəyə verilməsi, regionlarda və Bakıda yeni turizm komplekslərinin açılması buna bariz nümunədir. 

Tədbirdə çıxış edən Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi İctimai Birliyinin sədri Rufiz Qonaqov qeyri-neft sektorunun bir sahəsi kimi turizmin ölkə iqtisadiyyatında rolunun və yerinin xüsusi olduğunu vurğulayıb. O bildirib ki, məhz bu səbəbdən də Şura hər il keçirilən müsabiqələrində turizmlə bağlı da layihələrin maliyyələşdirilməsinə xüsusi diqqət ayırır.Rufiz Qonaqov vurğulayıb ki, Azərbaycanda bir çox sahələr kimi turizm də bu gün özünün inkişaf mərhələsini yaşayır və biz bu sınaqdan da uğurla çıxırıq. 

Millət vəkili İlham Məmmədov isə çıxışında Azərbaycanda turizmin daha populyar sahəsi sayılan sağlamlıq turizminin olduğunu vurğulayıb: "Bu gün ölkə prezidenti İlham Əliyev və ölkəmizin birinci xanımı Mehriban xanım Əliyeva digər sahələr kimi turizmin də inkişafı üçün çox işlər görürlər. Bu gün Azərbaycanın saglamlıq turizmdən faydalanmaq üçün dünyanın hər yerindən turistlər gəlirlər. 

Tədbirdə çıxış edən turizim üzrə ekspert, SKAL Beynəlxalq Təşkilatının Azərbaycan bürosunun prezidenti Ceyhun Aşurov Azərbaycanda turistlərə təqdim edilən turizmin növləri barədə məlumat verib. O bildirib ki, bir zamanlar ərəb turistləri Azərbaycana gələn turistlər arasında liderlik edirdilərsə, hazırda bu siyahıda ilkin yerləri Hindistan və Pakistan turistləri bölüşürlər. Ekspert bildirib ki, hazırda ölkədə olan 5 ulduz otelərlə yanaşı 3 ulduzlu otellər və qonaq evlərinin tikilməsi üçün də ciddi işlər gedir. 
Konfrans zamanı bir sıra ölkələrin, o cümlədən Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Pribaltika ölkələrinin nümayəndələri öz təcrübələrini bölüşüblər. 
Konfrans zamanı Azərbaycan Turizm Assosasiyası ilə Orta Asiyanın Turizm Assosasiyası və Avrasiya Turizm Asossasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb. 
Qonaqlar eyni zamanda Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə də görüşüb. Görüş zamanı Azərbaycanın xarici ölkələrdə turizmin təbliği ilə bağlı gördükləri işlərdən söhbət açılıb. Fuad Nağıyev bildirib ki, bu gün Azərbaycanın bir çox yerlərdə "Azərbaycan turizm evləri" fəaliyyət göstərir və bu istiqamətdə işlər davam etməkdədir. 
Sonda qonaqlar agentlik rəhbəri ilə xatirə şəkli çəkdiriblər.

Xatırladaq ki, konfransda Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Rusiya və Pribaltika ölklərindən olan turizmçilər iştirak ediblər.

Xəbərlər

Ən çox oxunanlar

@ 2017 QHT TV
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Tel: (994 55) 325 18 38 | E-mail:[email protected]
Baş direktor: Cəsarət Hüseynzadə