Görmə imkanları məhdud uşaqlar üçün müyəssər formatlı nəşrlər hazırlanıb
01 / 06 / 2019 13:34:49
Oxunma : 1003

Mayın 31-də Bakı Kitab Mərkəzində “Görmə imkanları məhdud uşaqlar üçün müyəssər formatlı nəşrlərin hazırlanması” layihəsinin təqdimat mərasimi olub. Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun maliyyə dəstəyi, Azərbaycan Gözdən Əlillər Cəmiyyəti və Əlil Ziyalılar ictimai birliklərinin birgə təşəbbüsü ilə həyata keçirilib.


QHT.az xəbər verir ki, təqdimat mərasimində çıxış edən Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva mərkəzdə hər zaman azyaşlılara dəstək olan tədbirlər keçirildiyini bildirib. Mərkəzin direktoru hər kəsin cəmiyyətdə eyni hüquqlara malik olduğunu və fiziki qüsurlarının buna əngəl törətmədiyini qeyd edib: “Bugünkü tədbir Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub. Balacaların xüsusi günündə layihə çərçivəsində görmə və eşitmə əlilliyi olan uşaqlar üçün ilk dəfə olaraq müyəssər formada hazırlanmış tiflo-surdo elektron və daktil kitablarının təqdimatı keçiriləcək. Həmin kitablar vasitəsilə fiziki məhdudiyyətli balacalar tam bərabər imkanlar əldə edəcək və digər şəxsin köməyi olmadan kitabları mütaliə edə və dinləyə biləcəklər”.

Sonra layihə çərçivəsində hazırlanmış nağıl kitablarından biri – “Qoğal” kitabının videonümayişi olub.

Layihənin rəhbəri, Gözdən Əlillər Cəmiyyətinin vitse-prezidenti Reyhan Cəfərova həmin kitablar haqqında məlumat verib: “Zəif görən, zəif eşidən, tamamilə görmə və eşitmə məhdudiyyətli uşaqlar üçün olan tiflo-surdo elektron və daktil kitab maksimal dərəcədə yaxın, əlvan rəngli şəkillərlə təmin edilib, obrazlarla səsləndirilən audio formatla təchiz olunub, iri şriftli və Brayl yazı üsulu ilə hazırlanıb. Məqsədimiz fiziki məhdudiyyətlilərin digər yaşıdlarından geri qalmaması, biliklərinin artırılması, bacarıqlarının üzə çıxarılması və cəmiyyətin fəal üzvünə çevrilməsidir. Fiziki məhdudiyyətli uşaqlar Bakı Kitab Mərkəzində onlar üçün yaradılmış müyəssər şəraitdən yararlana, buranın daimi üzvlərinə çevrilə bilərlər. Layihənin həyata keçirilməsində bizə dəstək olan hər kəsə minnətdarlığımızı bildiririk”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Elmira Əliyeva bildirib ki, “Görmə imkanları məhdud uşaqlar üçün müyəssər formatlı nəşrlərin hazırlanması” təmsil etdiyi qurumun maliyyə dəstəyi ilə həyata keçirilən beşinci layihədir. Layihə həmin uşaqların cəmiyyətə inteqrasiyası, biliklərinin artırılması, vətənə faydalı övlad kimi yetişməsi məqsədi daşıyır.

Mədəniyyət Nazirliyinin əməkdaşı Ləman Mahmudova, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Brayl Nəşrləri İnformasiya Resurs Mərkəzinin direktoru Mais Muradov, Əməkdar artistlər Nərgiz Cəlilova, Rafiq Həşimov, Brayl Texnikin Azərbaycandakı nümayəndəsi Bəybala İbadullayev layihənin əhəmiyyətindən danışıb, ölkəmizdə fiziki məhdudiyyətlilərə yaradılan imkanlardan, onların sosial müdafiəsi istiqamətində atılan addımlardan söhbət açıblar. Çıxış edənlər cəmiyyətin onlara mərhəmətlə deyil, sevgi ilə yanaşmalı olduğunu diqqətə çatdırıb və balacaların bayramını təbrik ediblər.

Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin üzvü Elman Süleymanov müyəssər kitabların görmə imkanları məhdud şəxslərin həyatındakı rolu haqqında məlumat verib.

Tədbir bədii hissə ilə davam edib.

Xəbərlər

Ən çox oxunanlar

@ 2017 QHT TV
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Tel: (994 55) 325 18 38 | E-mail:[email protected]
Baş direktor: Cəsarət Hüseynzadə