Beynəlxalq Qadın Klubunun təqdimat mərasimi keçirilib
06 / 03 / 2018 21:06:43
Oxunma : 19952

Milli QHT Forumu Beynəlxalq Qadın Klubunun təqdimat mərasimi keçirilib .

QHT TV xəbər verir ki, tədbirdə ölkənin qadın təşkilatlarının rəhbərləri, tanınmış simalar, mədəniyyət, incəsənət xadimləri və bir sıra sahələrdə xidmətləri olan ziyalı xanımlar iştirak ediblər.

Çıxış edən Beynəlxalq Qadın Klubunun rəhbəri Əsmayə Cavadova qonaqlara bir daha Azərbaycan qadının danılmaz və fəxr olunası xüsusiyyətlərindən danışıb, qadın həmrəyliyinin cəmiyyət üçün əhəmiyyətli olduğunu vurğulayıb.

Birlik rəhbəri son illər qadınların vətəndaş cəmiyyətinin bütün sferalarda göstərdiyi fəallığı alqışladığını, dövlətimizin qadınların hər sahədə uğurlu fəaliyyəti üçün yaratdığı imkanların qənaətbəxş olduğunu deyib.

Əsmayə Cavadova deyib ki, Beynəlxalq Qadın Klubunun yaradılma zərurəti tək ölkə daxili deyil, həm də xaricdə yaşayan həmcinslərlə əlaqələrin qurulmasından irəli gəlib.

Təşkilat rəhbərinin sözlərinə görə, BQK -nun əsas məqsədi qadınların cəmiyyətdə şaxəli fəaliyyətinin genişləndirilməsinə dəstək vermək, maarifləndirməni gücləndirmək, sağlam həyat tərzini təbliğ etməkdir.

Klubun Qubada, Qəbələ-ismayıllıda artıq regional mərkəzlərinin açıldığını, gələcəkdə daha genişmiqyaslı iş aparacağını bildirən Əsmayə Cavadova bütün qadın təşkilatlarını əməkdaşlığa və birliyə çağırıb.

Birlik Sədrinin ardınca çıxış edən Milli Məclisin deputatı Dillərə Cəbrayılova Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, MQF-nin vitse prezidenti Nüşabə Məmmədova  və digər qonaqlar  da son illər ölkənin ictimai –siyasi həyatında rol oynayan qadınlarımızın fəxr edilməyə layiqli olduqlarını bir daha vurğulayıblar. Xatırlanıb ki, ölkədə 200 qadın təşkilatı fəaliyyət göstərir.

Həmçinin qeyd olunub ki, cəmiyyətin dayağı olan qadınlarımızın yüksək vəzifələrdə yer tutması, sahibkarlıq fəaliyyətində kişilərdən heç də geri qalmaması bir daha sübut edir ki, qadınlarımız tək ailə içində, evdə deyil,  iş həyatında da kifayət qədər   bacarığa malikdirlər. 

Tədbir bədii hissə ilə davam edib.

Tədbir sonrası qonaqlar təəssüratlarını bizimlə bölüşüb.


 

Xəbərlər

Ən çox oxunanlar

@ 2017 QHT TV
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Tel: (994 55) 325 18 38 | E-mail:[email protected]
Baş direktor: Cəsarət Hüseynzadə