Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası 2017-ci ildəki fəaliyyətinin yekunları ilə bağlı hesabat konfransı keçirib
29 / 01 / 2018 08:32:44
Oxunma : 24654

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası 2017-ci ildəki fəaliyyətinin yekunları ilə bağlı hesabat konfransı keçirib.

Konfransı açıq elan edən QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev tədbir iştirakçılarını salamlayıb. 

Şura sədri, hər il olduğu kimi bu il də rəhbərlik etdiyi qurumun yeni uğurlar qazandığını və 10 ildir fəaliyyət göstərən Şuranın dövlətin dəstəyi ilə QHT-lərə beş istiqamət üzrə dəstəyin həyata keçirildiyini vurğulayıb. Şura rəhbərinin sözlərinə görə, ölkə rəhbərinin də tapşırığı ilə QHT-lərin cəmiyyət üçün faydalı olan təşəbbüsləri dəstəklənməlidir.

Buna görə də Şuranın layihələri maliyyələşdirməsi zamanı heç zaman subyektivliyə yol verilmir. Şura sədri ötən il rəhbərlik etdiyi qurumun Şura tərəfindən 494 QHT layihəsini maliyyələşdirdiyini bildirib: “QHT-lər bu layihələr çərçivəsində 31 adda kitab, 27 adda kitabça, 161 adda buklet, 130 adda digər çap materialları (posterlər, təqvimlər və s.) nəşr edib. 

Həmçinin 35 televiziya verilişi, 26 sosial çarx, 20 film və 16 sayt hazırlanıb”. Azay Quliyev onu da qeyd edib ki, fəaliyyətimiz zamanı həmişə çalışırıq ki, QHT-lər onlara göstərilən xidmətdən məmnun olsunlar. 

Şurada 1672 nömrəli qaynar xətt də yaradılıb ki, QHT-lər operativ şəkildə şikayət və təkliflərini bizə bildirə bilsinlər və əgər hansısa boşluqlar mövcuddursa onlar aradan qaldırılsın. Jurnalistlərə müsahibəsində Şura rəhbəri media vasitəsiylə bəzi QHT-lərə səslənərək onları işlərində daha məsuliyyətli olmağa çağırıb. 

Hesabat konfransnda çıxışına davam edən Azay Quliyev onu da qeyd edib ki, Şura ötən il 4 dövlət proqramının icrasında uğurla iştirak edib. Xüsusi ilə “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində Şura tərəfindən görülən işlər 100 % icra olunmuş statusu qazanıb. 2018-ci ildən etibarən QHT-lərin apelyasiya müraciətləri elektron qaydada qəbul ediləcək.

 Bununla bağlı artıq Şuranın e-qht.az saytında apelyasiya bölməsi yaradılıb. A.Quliyev bildirib ki, Şura 2012-ci ildə “Peşə birlikləri haqqında” və “Sosial sifarişlər haqında” qanun layihələrini hazırlayaraq Milli Məclisə təqdim edib. Hər iki qanun layihəsinin müzakirəsi Milli Məclisin 2018-ci il fəaliyyət planına daxil edilib. Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov təmsil etdiyi qurumun ötənilki fəaliyyəti barədə geniş təqdimatla çıxış edib. 

O, qeyd edib ki, 2017-ci ildə də QHT-lərə 5 istiqamətdə-məlumat, konsultativ, təşkilati-texniki, metodik və maliyyə dəstəkləri verilib.19 yerli QHT nümayəndələrinin xarici ölkələrdə keçirilən tədbirlərə səfərləri dəstəklənib. 20 beynəlxalq təşkilatın və xarici ölkə səfirliklərinin nümayəndələri ilə Şurada görüş keçirilib. Ötən müddət ərzində bir çox tədbirlər keçirilib, QHT-lərin fəaliyyəti ilə yaxından tanış olunub, qrant müsabiqəsində iştirak edilən təşkilatların 813 layihəsinə baxılıb. Nəticədə 494 layihə bəyənilib və onların reallaşdırılmasına maliyyə dəstəyi göstərilib.

 Uğurla həyata keçirilən layihələrin nəticəsi olaraq 20 film və 13 sosial çarx hazırlanıb.Fərasət Qurbanov QHT-lərin fəallığı və qənaətbəxş fəaliyyəti ilə yanaşı nöqsanları da tədbir iştirakçılarının nəzərinə çatdırıb.

 O, Şura Katibliyinin icra olunan layihələrin 330-nu yaxşı, 72-ni əla, 79-nu kafi və 7-sini isə qeyri-kafi qiymətləndirdiyini deyib.

Hesabat məruzəsi ilə bağlı çıxış edən QHT rəhbərləri Azər Həsrət, Rauf Zeyni, Əkrəm Baydəmirli, Zaur Hüseynzadə, Niyaməddin Orduxanlı, İlham Məhərrəmli, Mətanət Əsgərqızı, Radə Abbas və digər şəxslər Şuranın 2017-ci ildəki fəaliyyətinin məhsuldar olduğunu və qənaətbəxş saydıqlarını deyiblər. 

QHT rəhbərləri həmçinin fəaliyyətlərində qarşıya çıxılan nöqsanları dilə gətirib və təkliflər ediblər. Şura rəhbəri və katiblik üzvləri çıxış edənlərin irəli sürdükləri məsəllərə diqqətin ayrılacağını vurğulayıblar. 


Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvləri Sahib Məmmədov və Anar Xəlilov QHT-lərin 2017-ci ildəki fəaliyyətləri ilə bağlı fikirlərini QHT TV-yə bildiriblər.

Xəbərlər

Ən çox oxunanlar

@ 2017 QHT TV
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Tel: (994 55) 325 18 38 | E-mail:[email protected]
Baş direktor: Cəsarət Hüseynzadə